BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk beynəlxalq ictimaiyyəti Haitiyə müdaxilə etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Türk Haitiyə üç günlük səfərindən sonra bu açıqlama ilə çıxış edib.
“Xüsusi dəstək qüvvələrinin konkret tarixlərə görə ölkədə yerləşdirilməsi təcili olaraq nəzərdən keçirilməlidir”, - BMT rəsmisi bildirib.
Adanın cinayətkar dəstələrin törətdikləri terrorla üz-üzə olduğunu vurğulayan Türk dövlətin buna mane ola bilmədiyini deyib.
BMT rəsmisi Haitidə ictimai asayişin ciddi şəkildə pozulduğuna diqqət çəkib: “Bunu ancaq bir kabus kimi təsvir etmək olar”.
Türk bundan əvvəl Haitinin paytaxtı Port-au-Prinsdə verdiyi açıqlamada dünyanın ən yoxsul və ən qorxunc mənzərəsi ilə qarşı-qarşıya olduqlarını demişdi.
2022-ci ilin aprelindən bəri ölkədə silahlı dəstələr arasındakı qarşıdurma nəticəsində 500-dən çox insan həyatını itirib, 3000-dən çoxu isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Haitidəki sosial narahatlıq 2021-ci ilin iyulunda prezident Jovenel Moizin öldürülməsi, həmin ilin avqustunda 2200-dən çox insanın ölümünə və on minlərlə evin dağılmasına səbəb olan 7.2 bal gücündə zəlzələ, inflyasiya, vəba, koronavirus, infilyasiya, adam oğurluğu və zorakılığın artması ilə xeyli dərinləşib.
Son illərdə inflyasiyanın ən yüksək həddə çatdığı ölkədə əhalinin 40 faizi ərzaq yardımına möhtacdır, xroniki hal alan dəstələrarası qarşıdurmalar isə yüzlərlə insanın ölümünə, minlərlə insanın didərgin düşməsinə səbəb olub.