14 Fevral 2023 13:54
4 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Moldovada vəziyyətin sabitliyini pozmaq planı ilə bağlı Kişinyovun bəyanatları əsassızdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu cür iddialar tamamilə əsassızdır. Bu bəyanatlar ABŞ, digər Qərb ölkələri və Ukrayna tərəfindən tez-tez istifadə olunan klassik hiylənin ruhunda qurulub: əvvəlcə təsdiqi mümkün olmayan gizli kəşfiyyat məlumatlarına istinad edərək günahlandırmaq, sonra isə öz qanunsuz addımlarına haqq qazandırmaq üçün bunlardan istifadə etmək”, Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiyanın Moldovada sabitliyi pozmaq planı haqda dezinformasiya buraxan Kiyevin əsl məqsədi Kişinyovu Rusiya ilə sərt qarşıdurmaya çəkməkdir.

“Yeri gəlmişkən, bu cür planlar artıq həyata keçirilir və bunlar açıq şəkildə rusofobik nağıllarda yer alırlar. Maraqlıdır ki, Moldovanın özündə çoxları Maya Sandunun bəyanatını çaşqınlıqla qarşılayıblar. Biz Moldova hakimiyyətini, nəhayət, dövlət kimi davranmağa, kənar təxribatlara uymamağa və Rusiya ilə sabit dostluq münasibətlərinin Moldovaya gətirə biləcəyi böyük üstünlükləri dərk edərək öz addımlarında ölkəsinin vətəndaşlarının maraqlarını rəhbər tutmağa çağırırıq”, - Zaxarova əlavə edib.

Onun iddiasına görə, Rusiya Moldovanın təhlükəsizliyinə təhdid yaratmır və qarşılıqlı faydalı və bərabərhüquqlu ikitərəfli əməkdaşlığın inkişafının tərəfdarıdır.

Bundan əvvəl Moldova Prezidenti Maya Sandu Rusiyanın ölkəsində sabitliyi pozmağı və legitim hakimiyyəti ələ keçirmək üçün diversiya qrupları yaratdığını bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər