Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramşteyn-9” iclasında Kiyevin lazımi sursatla təminat məsələsinə baxılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin fevralın 14-15-də keçiriəcək ikigünlük iclasının əvvəlində keçirdiyi brifinqdə deyib.
"NATO-nun müdafiə nazirləri təhlükəsizlik baxımından kritik bir zamanda görüşəcəklər. Gələn həftə Ukraynaya qarşı dəhşətli müharibənin - Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının birinci ildönümü olacaq. Biz prezident Putinin sülhə hazırlaşdığına dair heç bir əlamət görmürük. O, daha böyük müharibəyə, yeni hücumlara hazırlaşır”, - Stoltenberq bildirib.
Alyansın baş katibi vurğulayıb ki, üzv ölkələrdən Ukraynaya dəstəyin göstərilməsi daha vacibdir: "Biz bu gün ABŞ-ın rəhbərlik etdiyi Təmas Qrupunun bir hissəsi kimi görüşəcəyik və Ukraynaya dəstəyi gücləndirmək üçün təcili ehtiyacları nəzərdən keçirəcəyik”.
O qeyd edib ki, Ukraynanı lazımi sursatla təmin etmək və Alyansın ehtiyatlarını artırmaq üçün Ukrayna üçün daha çox döyüş sursatının verilməsi və NATO-nun müdafiə sənayesinin istehsalının artırılması və gücləndirilməsinin vacibdir.
Ayrı-ayrılıqda, NATO-nun müdafiə nazirlərinin görüşündə Alyansın çəkindirmə və müdafiə siyasətini daha güclü şəkildə gücləndirmək üçün yeni uzunmüddətli müdafiə planlaşdırma təlimatları razılaşdırılacaq.