15 Fevral 2023 14:09
3 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Baş naziri Şahbaz Şərif Kahramanmaraşda “əsrin fəlakəti” adlandırılan şiddətli zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək üçün Türkiyəyə gələcək.

Teleqraf.com xəbər verir ki, sabah Ankarada olması planlaşdırılan Baş nazir Şərifin Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Zəlzələnin üçüncü günündə Türkiyəyə gələcəyini açıqlayan Pakistan rəhbəri səfər proqramını təxirə salmışdı.

Kəraçidə keçirilən AMAN-2023 çoxmillətli dəniz təliminin bağlanış günündə çıxış edən Şərif Kahramanmaraşda baş verən zəlzələlərin çox dağıdıcı olduğunu bildirib: “Türkiyə tarix boyu zəlzələ, sel və çətin anlarda Pakistanın yanında olduğu kimi, bu kədər anında da bir ailə kimi Türkiyənin yanındayıq”.

Pakistan baş naziri təbii fəlakət nəticəsində minlərlə insanın həyatını itirdiyini və ciddi maddi itkilərin olduğunu xatırladıb: “Zəlzələnin baş verdiyi gün qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanla danışdım. O vaxtdan biz hava və quru vasitəsilə yardım göndərməklə məşğuluq”.

Şərif Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Əmcad Xan Niyazinin Türkiyəyə böyük həcmdə yardım göndərmək üçün gəmi təklif etdiyini bildirib və Hərbi Hava Qüvvələri və Beynəlxalq Hava Yollarının Türkiyəyə personal daşımaqla məşğul olduğunu vurğulayıb.

“Pakistan hökuməti və xalqı adından Türkiyədəki qardaşlarıma dərin hüznlə başsağlığı verirəm. Pakistan və Türkiyə bir ailə kimi bir can, iki ürək olan iki qardaş ölkədir”, - baş nazir Türkiyəyə sona qədər əllərindən gələn dəstəyi verəcəklərini dilə gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər