Suriyada baş verən zəlzələdən sonra dağıntılar altında dünyaya göz açan, müxtəlif ölkələrdən minlərlə insanın övladlığa götürmək istədiyi və "möcüzə uşaq" adlandırılan körpənin müalicə olunduğu xəstəxanaya silahlı hücum edilib.
Teleqraf.com xəbər verir ki, "möcüzə uşaq" kimi tanınan körpə zəlzələ səbəbindən valideynlərini və bacılarını itirib.
Suriyanın Afrin rayonunun Cinderes qəsəbəsində dağıntılar altında dünyaya gələn uşaq çətinliklə dağıntılar altından çıxarılıb. Tapıldığı zaman göbək bağı ilə ölən anasına hələ də bağlı olan körpə qızın görüntüləri dünyada böyük səs-küy yaradıb.
Amma məlum olub ki, uşağın qaldığı xəstəxanaya ötən gün silahlı hücum edilib. Xəstəxana rəsmisi bildirib ki, hücum edənlər xəstəxana müdirini döyüblər.
Hücum edənlərin kiçik körpəni qaçırmağa cəhd etməsi ilə bağlı xəbərlər təkzib olunur. Amma uşağın fotolarını çəkən tibb bacısının körpəni qaçıracağından narahat olan müdir tərəfindən işdən qovulduğu, bir neçə saat sonra isə tibb bacısının silahlı şəxslərlə gələrək xəstəxanaya basqın etdiyi qeydə alınıb.
Tutulan silahlılar körpəni qaçırmağa cəhd etmədiklərini və xəstəxana müdirinin arxasınca getdiklərini iddia ediblər.
Həkimlər uşağın qohumu olduğunu iddia edən çox sayda insanın xəstəxanaya müraciət etdiyini və polisin körpəni qorumaq üçün xəstəxanada keşik çəkməyə başladığını bildirib.