Avropa Parlamenti (AP) Avropa Şurasını gürcü milyarder, ölkənin sabiq Baş naziri Bidzina İvanişviliyə sanksiya tətbiq etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, AP-nin sabiq Prezident Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı qəbul etdiyi qətnamədə milyarder Bidzina İvanişvili Gürcüstanda siyasi vəziyyəti pisləşdirməkdə ittiham edilib.
Sənəddə qeyd olunub ki, Saakaşvilinin həbsi İvanişvilinin şəxsi vendettasının bir hissəsidir:
“Qətnamə oliqarx Bidzina İvanişvilinin “şəxsi vendettasının bir hissəsi kimi” cənab Saakaşvilinin davam edən həbsində fundamental rol oynadığını vurğulayır. Ona görə də parlament Şuraya və demokratik tərəfdaşlara “Gürcüstanda siyasi prosesin pisləşməsindəki roluna görə” cənab İvanişviliyə sanksiyalar tətbiqini nəzərdən keçirmək çağırışını bir daha vurğulayır”.
Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasına sədrlik etmiş Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb və hazırda ölkənin hakimiyyət orqanlarında heç bir rəsmi vəzifə daşımır.