16 Fevral 2023 13:47
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın pilotsuz uçan aparatlarının istifadə trayektoriyası genişlənib, Ukraynadan sonra ərəb dövlətləri də hədəfdədir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İran Ukrayna və ərəb ölkələrinə yönəlik təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

“İran silahlarından Ukraynaya qarşı müharibədə yalnız Rusiya ordusu istifadə etmir. Ukrayna ordusuna da İran silahları göndəriləcək. Ancaq bu dəfə silahları göndərən Tehran olmayacaq. Deməli, İran savaşın davam etdiyi Yəməndəki tərəfdaş qruplara illərdir gizli yollarla silah-sursat göndərib. ABŞ bunların bir hissəsini Yəmənin dəniz limanlarında ələ keçirib. Söhbət minlərlə avtomatdan, milyonlarla patrondan və tank əleyhinə minalardan gedir. Bunlar Amerikaya lazım deyil, ancaq Ukrayna ordusuna istənilən təhcizat faydalıdır. Ona görə də Vaşinqton ələ keçirdiyi İran silah-sursatlarını Ukraynaya göndərməyi planlaşdırır, sadəcə bunun üçün Ağ Ev Konqresin razılığını almalıdır.

Bu arada, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda ABŞ-la ərəb ölkələrinin diplomatları arasında məsləhətləşmələr keçirilib. Amerikalı diplomatlar ərəb həmkarlarına İran təhlükəsi barədə əlavə məlumat veriblər, onu da deyiblər ki, İranın Rusiyaya verdiyi pilotsuz uçan aparatlar gələcəkdə bölgə ölkələri üçün təhlükə mənbəyinə çevriləcək. Bu xəbərdarlığa qədər də İran bölgədəki müttəfiq silahlı qruplar vasitəsilə ərəb ölkələrinin bir qismini hədəfə alıb.

İran istehsalı dronlar Yəmən üzərindən Səudiyyə Ərəbistanının neft emalı zavodlarına zərbələr endirmişdi. İranın pilotsuz uçan aparatlarının istifadə trayektoriyası genişlənib. Ona görə də İrana qonşu ölkələrin hava məkanlarını gücləndirməsi vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər