“Həm Finlandiya, həm də İsveçin NATO-ya üzvlük müraciətlərini ratifikasiya etməyin vaxtı çatıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ankarada səfərdə olan NATO baş katibi Yens StoltenberqTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı deyib.
Bununla yanaşı, Stoltenberq qeyd edib ki, Türkiyənin təhlükəsizliklə bağlı əsaslı narahatlıqlarını tam qəbul edirlər:
“Tamamilə qəbul edirəm ki, Türkiyənin legitim təhlükəsizlik narahatlıqları var, heç bir ölkə Türkiyədən daha çox terror hadisəsi yaşamayıb”.
NATO baş katibi əlavə edib ki, Finlandiya və İsveçin üzvlüyü beynəlxalq terrorizmlə mübarizədə alyansın imkanlarını gücləndirəcək.
Stoltenberq həmçinin bu yaxınlarda Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandırılmasını “biabırçılıq” adlandırıb.
Çavuşoğlu da öz növbəsində Finlandiya və İsveçi problemləri kağız üzərində deyil, həm də praktiki olaraq həll etməyə çağırıb.
“İsveç İŞİD-in təbliğatına icazə vermədiyi kimi, PKK terror təşkilatının təbliğatına da icazə verməməlidir”, - nazir deyib.
Finlandiya və İsveçin NATO-ya müraciətlərini təsdiqləməyən iki üzv dövlətdən biri Türkiyə, digəri Macarıstandır.