Ötən ay İsveçrədən Türkiyəyə 58 tondan çox qızıl idxal edilib.
Teleqraf.com xəbər verir ki, hökumət zəlzələdən sonra idxalı məhdudlaşdırmaq üçün tədbirlər görməyə başlayıb.
Artan inflyasiyanın qiymətli metallara tələbi artırması nəticəsində Türkiyənin İsveçrədən idxal etdiyi qızılın miqdarı yanvar ayında ən azı 2012-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
“Bloomberg”in İsveçrə gömrük məlumatlarından əldə etdiyi hesabata görə, 2012-ci ilin yanvarından bu yana ən böyük aylıq göstərici 58 tondan çox qızıl Türkiyəyə göndərilib. Bu rəqəm İsveçrənin ümumi qızıl ixracının 42 faizini təşkil edib. Bu rəqəm ötən il Türkiyədə istehlakçı inflyasiyasının 85 faizə yüksəlməsi nəticəsində külçə qızıl alışının artmasından sonra ortaya çıxıb.
Digər tərəfdən xəbərə görə, Türkiyə 41 mindən çox insanın ölümü ilə nəticələnən dağıdıcı zəlzələlərdən sonra qızıl idxalını məhdudlaşdırmaq üçün tədbirlər görməyə başlayıb. Bundan əlavə, Mərkəzi Bank banklardan valyuta alqı-satqısı və qızıl əməliyyatlarında qiymət fərqini artırmağı xahiş edib.
Xarici qızıl alışları son aylarda Türkiyənin xarici ticarət kəsirinin maliyyələşdirilməsinə ən böyük maneələrdən biri olub. Bu ticarət onsuz da çətin vəziyyətdə olan lirəyə təzyiq göstərdiyindən, Mərkəzi Bank ötən il ehtiyatlarına 148 ton qiymətli metal əlavə edərək dünyanın ən böyük alıcısı olub.