“Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Yunanıstanın Türkiyəyə dəstək verməyə tələsməsi türkləri məmnun edib”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Yunanıstanın MEGA telekanalına müsahibəsində deyib.
“Orada idim, çox türk həmkarlarımla danışdım. Dedikləri ilk şeylərdən biri yunanlardan kömək almağın nə qədər anlamlı olması ilə bağlıydı. Düşünürəm ki, bu, gözəl atmosfer yaradır”, - dövlət katibi bildirib.
Blinken Yunanıstan-Türkiyə münasibətlərindəki sakitliyin davam edəcəyinə ümid etdiyini söyləyib: “Ola bilsin ki, yaxın aylarda dialoqu gücləndirmək və uzun müddətdir davam edən məsələləri həll etmək imkanı olacaq”.
Blinken bunun ABŞ üçün vacib olduğunu bildirib:
“Çünki Yunanıstan da, Türkiyə də bizim yaxın müttəfiqimiz, tərəfdaşımız və dostumuzdur. Təbii ki, onların yaxınlaşmasını görmək istərdik. Bunu etsələr, hər iki ölkə üçün imkanlar inanılmaz olacaq”.
Türkiyə ilə Qərb arasında fikir ayrılıqlarının olduğuna diqqət çəkən ABŞ dövlət katibi mövcud əməkdaşlıq və qarşılıqlı yardım ruhunun gələcəkdə problemlərin həllində rol oynaya biləcəyinə ümid etdiyini vurğulayıb.