ABŞ dövlət katibi Entoni Blinken səfər etdiyi Yunanıstanda “Meqa” telekanalına müsahibə verib.
Teleqraf.com xəbər verir ki, Blinken müsahibədə Yunanıstanın bu çətin günlərdə Türkiyəni dəstəklədiyini, müsbət danışıqlardan sonra ikitərəfli münasibətlərin yaxşılaşdığını deyib.
Blinkeni təxribata çəkmək istəyən yunan aparıcı bildirib:
“ABŞ həmişə hər iki ölkədəki fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırır. Ancaq təhdid edən ölkə ilə təhdid edilən ölkə arasında bərabər məsafə saxlamağınız çoxlarını təəccübləndirir”.
ABŞ dövlət katibinin ona cavabı belə olub:
“Əlbəttə, Yunanıstanın təhlükəsizlik məsələlərinə ciddi yanaşırıq. Bununla belə, inanırıq ki, hər iki tərəfdə xoşməramlı niyyət və bu niyyətlə həll istəyi var”.
Bununla belə, yunan jurnalist bu mövzuda (təxribatda) israr edib və Blinkenə belə bir sual ünvanlayıb: “Türkiyədəki həmsöhbətinizlə bu məsələni müzakirə etmisiniz və belə bir öhdəlik almısınız?”
ABŞ rəsmisi suala belə cavab verib: “Bax, bu haqda danışmağa ehtiyac yoxdur. Deyərdim ki, vəziyyəti daha məhsuldar idarə etmək üçün mütləq maraq və iradə var. Bu, Yunanıstan üçün də keçərlidir”.
Aparıcı ad çəkmədən Türkiyəyə işarə edərək Blinkenə “Bir NATO ölkəsi heç bir səbəb olmadan digər NATO ölkəsinə hücum edərsə necə?..” sualını verib.
Blinken sualı belə cavablandırıb:
“Ehtimala əsaslanan mübahisələrə girmək fikrində deyiləm. Bununla belə, deyə bilərəm ki, bütün dostlarımızı fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə dəvət edirik”.