"Tesla" və "SpaceX" şirkətlərinin sahibi amerikalı sahibkar İlon Mask yenidən dünyanın ən zəngin adamı taxtına oturub.
Teleqraf.com “Bloomberg” Milyarderlər İndeksinə istinadən xəbər verir ki, Maskın sərvəti 187,1 milyard dollara çatıb.
“Tesla” səhmləri Nyu-Yorkda 5,5 faiz artaraq 207,63 dollara yüksəlib.
Bununla da dünyanın ən böyük lüks brendlər qrupunun sahibi “Louis Vuitton” (LVMH) rəhbəri 73 yaşlı fransız iş adamı Bernard Arnault dünyanın ən varlı adamı titulundan məhrum olub. Arnaultun sərvəti 185,3 milyard dollar qiymətləndirilir.
“Tesla” səhmləri yanvarın 6-dan bəri təxminən 100 faiz artıb. Çünki investorlar iqtisadi güc əlamətləri və faiz artımının yavaşlaması fonunda riskli səhmlərə üstünlük veriblər. Bəzi “Tesla” modellərinə edilən endirimlərdən tələbatın artması da şirkəti dəstəkləyib.
Qeyd edək ki, 2022-ci ildə İlon Mask dünyada 200 milyard avro itirən ilk insan olub.