İranda qadınların başçılıq etdiyi etirazlarda ən azı 650 tələbə qızın qəsdən zəhərləndiyi iddia olunur.
Teleqraf.com xəbər verir ki, İranın yüksək səviyyəli rəsmisi qızların xüsusi olaraq hədəf alındığını təsdiqləyib.
Qızlardan heç birinin həyatını itirmədiyi, onlarla qızın tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilib.
İranın səhiyyə nazirinin müavini Yunus Pənahi deyib: “Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir. Zəhərdə istifadə olunan materiallar bazarda tapıla bilən məhsullardan ibarətdir”. Qəribədir ki, sonradan Pənahi onun yanlış başa düşdüklərini iddia edib.
Məlumata görə, ən çox yoluxma hallarının müşahidə edildiyi yer mühafizəkar Qum şəhəridir. Amma ölkənin daha səkkiz şəhərində məktəbli qızlar zəhərlənib.
İlk zəhərlənmələr 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. Fevralın ortalarında Qumda qubernatorluq binası qarşısında azı 100 nəfərin iştirak etdiyi etiraz aksiyası keçirilib. Bəzi valideynlər deyirlər ki, uşaqlarının sağalması həftələr çəkir.
Xatırladaq ki, İran polisi tərəfindən saxlanılan və sonradan ölən 22 yaşlı Məhsa Əmininin ölümü ölkə daxilində qadınların başçılıq etdiyi iğtişaşlar dalğasına səbəb olub. Orta məktəblərdə qız tələbələr baş örtüyü çıxararaq etiraz aksiyalarına qatılıblar.