Məşhur rusiyalı bəstəkar və müğənni Oleq Qazmanov Avropa Birliyinin (AB) ona qarşı sanksiya tətbiq etmək qərarından narazıdır. Buna səbəb müğənninin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləməsidir.
Teleqraf.com xəbər verir ki, bu dəstəyə görə Qazmanovun AB ölkələrinə girişi qadağan olunub.
Qazmanov Latviya və İtaliyadakı mənzillərindən də istifadə etmək imkanından məhrum edilib.
Müğənni 15 il əvvəl İtaliyada daşınmaz əmlak alıb və tez-tez ailəsi ilə birlikdə ora istirahətə getməyi xoşlayırdı. İndi onun belə imkanı yoxdur və çox güman ki, yaxın gələcəkdə də olmayacaq.
“Mənim əmlakımdır, onu almışam və indi Latviyada olduğu kimi bu mənzili satmaq, icarəyə vermək və ya istifadə etmək hüququm yoxdur. Amma məni kommunal xərcləri ödəməyə məcbur edirlər”, - Qazmanov bildirib.
Onun sözlərinə görə, Avropada onun mənzilini satıb, əldə etdiyi pulu “xüsusi hərbi əməliyyat”a xərcləməsindən ehtiyat edirlər.
Yeri gəlmişkən, 2022-ci ildə mart ayında Ukrayna məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. Qazmanov konstitusiyanı zorla dəyişdirməkdə, hakimiyyəti qəsb etməkdə, Ukrayna ərazisinin və ya dövlət sərhədinin dəyişdirilməsinə yönəlmiş addımları maliyyələşdirməkdə ittiham olunur.