İsraildə hökumət əleyhinə etirazlar zamanı Baş nazir Benyamin Netanyahunun həyat yoldaşı gözəllik salonunda çətin anlarla üzləşib. Nümayişçilər Sara Netanyahunun olduğu salonu mühasirəyə alıblar.
Teleqraf.com-un xəbərinə görə, hazırda İsraildə hökumətin məhkəmə səlahiyyətlərini məhdudlaşdıran tənzimləməyə qarşı vətəndaş itaətsizliyi aksiyası keçirilir.
Yerli medianın məlumatına görə, Sara Netanyahunun olduğu salonun qarşısına toplaşmış yüzlərlə insan nəhəng İsrail bayrağını açıb və şüarlar səsləndirib.
Polis əraziyə əlavə qüvvələr göndərərək nümayişçiləri oradan uzaqlaşdırmağa və Sara Netanyahunu salondan çıxarmağa nail olub. Televiziyalar bu anları canlı yayımlayıb.
“Anarxistlər (Yair) Lapidin rəhbərliyi altında "qırmızı xətti" keçməyə davam edir. Hazırda həyat yoldaşım Saraya hədə-qorxu gəlinir, onu incidirlər. Mən Lapidi və müxalifəti bunu dərhal dayandırmağa və görünməmiş biabırçı vəziyyətə son qoymağa çağırıram”,- Baş nazir Netanyahu xanımı salonda olarkən sosial media hesabında belə yazıb.