“Ukraynalı diversantların Bryansk vilayətinə hücumu terror aktıdır və Rusiya Federasiyası ərazisinə soxulmuş qruplaşmanın üzvləri terrorçudur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Söhbət terrordan gedir. Biz onları məhv etmək üçün tədbirlər görəcəyik”, - Kreml nümayəndəsi hüquq-mühafizə orqanlarının insidentlə bağlı araşdırma aparacağını qeyd edib.
Onun sözlərinə görə, Rusiya beynəlxalq arenada analoji terror aktlarına diqqət çəkməkdə davam edəcək.
Bundan əvvəl Rusiya tərəfi ukraynalı hərbçilərin bu gün Bryansk vilayətinə hücum etməsi haqda məlumat yayıb. Hücum nəticəsində bir nəfərin öldüyü, ikisinin yaralandığı bildirilib. Hadisədən dərhal sonra Prezident Vladimir Putin Təhlükəsizlik Şurasının təcilisi iclasını çağırıb.