Rəsmi Pekin Ukraynaya qarşı müharibə üçün Rusiyaya silah tədarük etmək qərarına gələrsə, Avropa Birliyi (AB) Çinə qarşı sanksiyalar tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin yüksək rütbəli nümayəndəsi “Röyter” agentliyinə açıqlamasında bildirib .
Nəşrin adını çəkmədiyi AB rəsmisinin sözlərinə görə, Çin silahlarının Rusiyaya tədarükü Avropa üçün “mütləq qırmızı xətt” olacaq. Avropa belə addımlara sanksiyalarla cavab verəcək.
Agentlik qeyd edir ki, Almaniya Kansleri Olaf Şolz da Bundestaqdakı son çıxışı zamanı bu məsələyə diqqət çəkmişdi. Kansler çinlilərə “Rusiya təcavüzünü silahlandırmayın” çağırışını etmişdi.
ABŞ hökuməti də Çinin Rusiyaya silah tədarükünü araşdırır. ABŞ Prezidenti Co Bayden Pekinə xəbərdarlıq edib ki, təcavüzkara birbaşa yardım göstəriləcəyi təqdirdə cəzasız qalmayacaq.
NBC-nin iddiasına görə, Pekin Moskvaya bəzi artilleriya vasitələri və sursat ötürə bilər.