5 Mart 2023 17:57
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranda məktəbli qızlar arasında kütləvi zəhərlənmələr rejim içərisindəki daxili rəqabətin əlamətinə oxşayır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İranın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:

“Son üç ayda İranın müxtəlif şəhərlərinin 30 məktəbində qızların zəhərlənməsi müəamma olaraq qalır. Zəhərlənənlərin sayı mini keçib. İran rəsmiləri bunun izahını verə bilmirlər, araşdırma aparmaq əvəzinə yenə “xarici düşmənlər” axtarırlar. İran Prezidenti İbrahim Rəisi son açıqlamasında zəhərlənmələrə görə ölkəsinin düşmənlərinin məsuliyyət daşıdığını deyib. Belədirsə, İranın düşmənlərinin bu ölkədə qızları zəhərlənməsində məqsədi nədir? Rəisinin bu suala cavabı belədir ki, düşmənlər “İranın tərəqqisi”ndən (yəqin “tərəqqi” dedikdə ağır iqtisadi və sosial durumun xaricində uranın zənginləşdirməsini və pilotsuz uçan aparatların artan istehsalını nəzərdə tutur) narahatdırlar və məktəbli qızları zəhərləmək məktəblərdə inamsızlıq, ailələrdə narahatlıq yaratmaq cəhdidir. “Düşmənlər İran cəmiyyətinin psixologiyasını hədəfə alıblar”, deyən Rəisi xarici mərkəzlərin İranda üsyan və xaos yaratmaq istədiklərini iddia edib.

İran prezidentinin bu əzbərçi açıqlaması məsələyə aydınlıq gətirmir. Rəisi “İranın düşmənləri” dedikdə böyük ehtimalla əsas iki dövləti – ABŞ və İsraili nəzərdə tutub. Əlbəttə, bu iki dövlət İranda rejim dəyişikliyini arzulayır. Bunun üçün rejimə alternativ qüvvələri açıq-gizli yollarla dəstəkləyə bilərlər. Əgər minlərlə məktəbli qızın zəhərlənməsinin arxasında ABŞ və İsrail dayanırsa, demək, bununla Rəisi düşmənlərinin İranda at oynatdığını etiraf etmiş olur. Çünki İran qapalı ölkə olmasına rəğmən, düşmənlərin kəşfiyyat strukturları 30 şəhərdə “zəhərləmə əməliyyatı” həyata keçirib və Tehran bunun qarşısını ala bilməyib”.

Elxan Şahinoğlunun fikrincə, zəhərlənmə ilə bağlı “xarici düşmən” amili şişirdilib:

“Həqiqətən İsrail kəşfiyyatı İranın nüvə obyektlərində çalışan alimləri zərərsizləşdirir, ABŞ və Səudiyyə Ərəbistanı isə rejimə alternativ qüvvələrlə təmasdadır. Ancaq ölkədə kütləvi zəhərlənmə həyata keçirməyin İsrail, ABŞ və Səudiyyə üçün bir anlamı yoxdur.

Kütləvi zəhərlənmələr İranda rejim içərisindəki daxili rəqabətin əlamətinə oxşayır. Rəisi isə deyir ki, “xarici düşmənlər” ölkədə xaos yaratmaq istəyirlər. Ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini Tehranda “əxlaq polisi” tərəfindən döyüldükdən sonra xəstəxanada vəfat etdi və həmin gündən başlayaraq İranda etirazlar səngiməyib. İranda xaosa bu hadisə səbəb olub. Məgər Məhsa Əmininin ölümünə səbəb olan xaosu “xarici düşmənlər” yaradıb?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər