Türkiyənin müxalif “Altılıq Masası” koalisiyasında yaranan xaosun əks-sədası siyasi arenaya öz təsirini göstərməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, İYİ partiya sədri Maral Akşənər ötən günlərdə son toplantısında bloku tərk edərək, Cümhuriyyət Xalq partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləmədiyini açıqlayıb.
Bundan sonra Ankara və İstanbul şəhərlərinin bələdiyyə sədrləri Mansur Yavaş və Əkrəm İmamoğluna müraciət edən Akşənər onlardan istədiyini ala bilməyib. Hər iki şəxs Kılıçdaroğlunu dəstəklədiklərini bildirib.
İYİ Partiya ilə “Beşlik” koalisiyası arasında gərginlik davam etdikcə maraqlı gəlişmələr yaşanmaqda davam edir. Akşənər namizədliyinə isti baxdığı professor Ərsan Şənə görüş xahişi göndərib.
Şənin mövzuyla əlaqədar açıqlaması belə olub:
“Hörmətli Akşənər Buğra Kavuncu vasitəsilə mənə zəng edərək, “Namizədlik məsələsində ciddsinizsə, gəlin danışaq” dedi. Yəqin ki, yaxın günlərdə görüşəcəyik. Ayrıca, “Bunu bəyan edə bilərsiniz” dedi”.
Professor əlavə edib: “Mən həqiqətən ciddiyəm. Kimsə əlini daşın altına qoymalıdır”.
Ərsan Şənin tez-tez prezidentliyə namizəd olmaq arzusunu dilə gətirdiyi Türkiyədə hər kəsə məlumdur.
İYİ partiyanın sözçüsü Kürşad Zorlu da məsələ ilə əlaqədar açıqlama verib:
“Hörmətli Ərsan Şənin partiyamız haqda verdiyi dəyərli qiymətləndirmələrə görə sədrimiz ona zəng edərək təşəkkür və məsləhətləşmək üçün görüşə dəvət etdi”.