Şimali Koreya Milli Müdafiə Komissiyası iki ölkə arasında gərginliyə səbəb olan "The Interview" (Müsahibə) adlı filmin ABŞ-da nümayiş etdirilməsi ilə əlaqədar sərt bəyanat yayıb.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, iki jurnalistin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin sifarişilə Şimali Koreya lideri Kim Jong İnə sui-qəsd planına həsr olunan komediya filmi Şimali Koreya hökumətinin təhdidlərindən sonra son anda nümayiş edilməmiş, ABŞ prezidenti Barak Obama, prodüser firma "Sony"ni tənqid etmişdi.
Şimali Koreya Milli Müdafiə Komissiyası bəyanatında bildirib: "Obama hər zaman tropik meşədəki bir meymun kimi sözləri və hərəkətləriylə cəsarətli davranır. Əgər ABŞ Şimali Koreyanın xəbərdarlıqlarına baxmayaraq, qanqster tərzli özbaşına hərəkətlərinə davam edəcəksə, o zaman siyasi əlaqələrə ölümcül zərbə vurmuş olacaq".
Qeyd edək ki, film qismən nümayiş etdirilib. Onu hətta ödəniş qarşılığında internetdən almaq və ya prokata götürmək mümkündür.
Şimali Koreya hökuməti daha əvvəl komediya filmini "terror aktı" olaraq dəyərləndirmişdi.
Filmin prodüser şirkəti Sony-nin kompüter sisteminə kiber hücumlar təşkil edilmiş, göndərilən təhdid mesajlarında "11 Sentyabr 2001-ci ildə nələr olduğunu xatırlayın. Sizə tövsiyəmiz bu filmi nümayi. etdirməməyinizdir" deyilmişdi.
Sony bu səbəbdən çoxsaylı Holyvud ulduzu və ABŞ prezidenti Barak Obamanın rəyini nəzərə alaraq, filmin nümayiş etdirilməsini təxirə salmışdı.
Nihad