6 Mart 2023 10:32
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın hərbi komandanlığı şəhərin şimal-şərqində çayın üzərindəki dəmir yolu körpüsünün dağıdılması səbəbindən cəbhənin ən qaynar hissəsindən - Baxmutdan məhdud sayda qüvvələrin taktiki çıxarılması barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Bununla belə, ISW-yə görə, Ukrayna ordusunun tamamilə Baxmutdan geri çəkilməyə qərar verdiyini söyləmək hələ tezdir. Eyni zamanda, dünənə olan olan məlumata görə, “Vaqner” qüvvələri Baxmutun şimal-şərq hissəsində Stupki dəmir yolu stansiyası ərazisində irəliləyib.

“Ukraynalı hərbçi bildirib ki, rus qoşunları hələlijk Baxmutun mərkəzi hissəsində Baxmutka çayını keçməyib. Rusiyalı mənbələr “Vaqner”in Ukrayna mövqelərini Baxmutun mərkəzi hissəsinə sıxışdırdığını iddia edirlər. Ukrayna qoşunlarının Baxmutka çayının qərb sahilində mövqe tutmağı planlaşdırıb-planlaşdırmadığı hələ də məlum deyil”, - məlumatda deyilir.

ISW vurğulayır ki, Ukrayna ordusu bu vaxta qədər şəhərin müdafiəsi üçün düzgün taktiki strategiya seçib. Ukrayna qoşunları bu istiqamətdə az itkilərlə Rusiyanın canlı qüvvəsini və texnikasını məhv etməyə davam edir.

Məlumatda qeyd olunur ki, Baxmutdan qoşunların yekun çıxarılması ilə bağlı qərar olsa belə, Ukrayna Silahlı Qüvvələrinin şəhəri dərhal tərk etmə ehtimalı azdır: “Rusiya qüvvələrinə qarşı təxribat taktikasından istifadə edəcəklər, küçə döyüşləri ilə qoşunların çıxarılmasını mümkün qədər uzadacaqlar. Bu, çox güman ki, Ukrayna qoşunlarının Severodonetsk-Lısıçansk xəttindən çıxarılmasından sonra baş verdiyi kimi, Rusiya qüvvələrini kifayət qədər zəiflədəcək. Bundan sonra şəxsi heyətinin itkiləri səbəbindən işğalçılar 2022-ci ilin yayında Luqansk və Donetsk vilayətlərində artıq heç bir hücum əməliyyatı keçirə bilməyiblər”.

“Rusiya qüvvələrinin küçə döyüşlərində tez bir zamanda önəmli ərazi uğurları əldə etmək ehtimalı azdır, bu, adətən müdafiəçilər üçün sərfəlidir və Ukrayna qüvvələrinin fəal şəkildə geri çəkilməsinə baxmayaraq, Ukrayna qoşunlarına irəliləyən Rusiya bölmələrinə ciddi itkilər verməyə imkan yarada bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər