İYİ partiya sədri Maral Akşənərin Türkiyə müxalifətinin “Altılıq Masası” blokundan ayrıldığını açıqlamasından sonra ölkənin siyasi çevrələrində hərəkətlilik artıb.
Teleqraf.com xəbər verir ki, Akşənərin Cümhuriyyət Xalq partiyasının sədri Kamal Kılıçdaroğlu və Səadət partiyasının rəhbəri Təməl Karamollaoğlu tərəfindən xoşagəlməz rəftarla üzləşdiyi bildirilərkən, prezidentliyə namizəd olmaq istədiyini açıqlayan jurnalist Ərsan Şəni məyus edən gəlişmə yaşanıb.
İYİ partiyanın millət vəkili Ümit Dikbayır Ərsan Şənlə bağlı suala belə cavab verib:
“Sədrimiz namizədlik məsələsində hamı ilə məsləhətləşir, danışır. Namizədlik üçün Ərsan Şənə zəng etməyib. Zəngdə məqsəd namizədlik yox, təşəkkür idi”.
Bundan əvvəl Maral Akşənərin Ərsan Şənə zəng edərək, onun namizəd olmasını istədiyi bildirilmişdi. İYİ partiya sədrinin Ankara və İstanbul bələdiyyələrinin sədrləri Mansur Yavaş və Əkrəm İmamoğlunun bununla bağlı istəklərini rədd etdikləri üçün Şənin namizədliyini dəstəklədiyi deyilmişdi.