Malayziyada 132 min əhali evini tərk etmək məcburiyyətində qalıb. Buna səbəb ölkədə son 30 ildə ən güclü selin baş verməsidir.
Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, şahidlər küçələrdən çay axdığını, su axınının maşınları apardığını bildirib. Ölkədə enerji qıtlığı da xaos yaradıb.
"Bəzi rayonlara işməli su vermək mümkün deyil. Müvəqqəti sığınacaq mərkəzlərindəki qaçqınlar qaranlıqda qalıb və fəlakətin sovuşmasını gözləyir", - ölkənin baş naziri Nəcib Tun Razak deyib.
Malayziya hökumətinin başçısı yalnız cümə günü tətildən evə dönüb. O, prezident Barak Obama ilə görüşüb və qolf oynadığı üçün Malayziyada ciddi tənqid edilib. Baş nazir səfəri yarımçıq saxlayıb və geri dönməyə tələsib. Obamanın dəvətini qəbul etməsini isə qeyri-rəsmi şəraitdə görüşün çoxdan planlaşdırılması ilə izah edib. O, bu görüşlə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə çalışdığını bildirib.
Malayziyada sel bir həftə əvvəl başlayıb.
Nihad