7 Mart 2023 16:24
1 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən həftə qalmaqallı toplantıdan sonra gündəmdə olan Türkiyə müxalifətinin “Altılıq Masası” bloku ötən gün yenidən bir araya gələrək vahid namizədlə bağlı razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, İYİ partiya sədri Maral Akşənərin yenidən qayıtdığı “Masa” Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu prezidentliyə namizəd seçib.

Məlumata görə, Kılıçdaroğlunun toplantıda Akşənər və digər partiyaların liderlərinə “Digər partiyaların sədrləri vitse-prezident olacaqlar” mesajı gərginlik yaradıb. Akşənərin CHP liderinin bu təklifini rədd etdiyi məlum olub.

Akşənərin Gələcək partiyasının sədri Əhməd Davudoğlunun hazırladığı “Gücləndirilmiş Parlament Sisteminə Keçid Yol Xəritəsi” adlı mətnin üçüncü maddəsinə veto qoyduğu iddia edilib.

Digər 5 partiyanın liderləri prezident köməkçisi mövzusunda konsensusa gələrkən, Akşənərin Kılıçdaroğlunun memarı olduğu düşünülən bu təklifi partiyasının başında qalmaq üçün qəbul etməyəcəyi bildirilir.

Müxalif jurnalist Özləm Gürsəs sosial şəbəkədəki paylaşımı da diqqət çəkib:

“Bu axşam Maral Akşənər televiziyada vitse-prezident olmaq istəmədiyini, millət vəkili olub partiyasının başında qalmaqla İYİ Partiyanın böyüməsi üçün çalışacağını açıqlayacaq”.

Teleaparıcı İsmayıl Saymaz isə DEVA partiyasının sədri Əli Babacanla Akşənər arasında mübahisəni gündəmə gətirib. Saymaz deyib ki, Babacan toplantıda “İmamoğlu-Yavaş formulu”na veto qoyub. Akşənər isə ona “Bəsdir, mən bu şərtlə masaya gəlmişəm” cavabını verib.

İddiaya görə, ikili arasında gərginlik artdıqda İYİ Partiyanın liderinin adamları binanın arxa hissəsində avtomobili hazırlayıblar. Namizəd elan olunan kimi Akşənər narahatlığını əsas gətirərək liderlərin şam yeməyinə qatılmayıb və toplantı yerini tərk edib.

İYİ Partiyanın martın 4-də keçirilən iclasından sonra “Masa”nı “Notarius”, “Torba” və “Qumar masası” adlandıran siyasətçi 72 saat sonra mübahisəli 12-ci maddə ilə masaya qayıdıb. Bu, Kılıçdaroğlunun 11 maddəlik “yol xəritəsi” olaraq açıqladığı razılaşmanın mətninə dünən əlavə edilib. Akşənər üçün əlavə edilən 12-ci maddədə Əkrəm İmamoğlu və Mansur Yavaşın uyğun zamanda vitse-prezident olaraq prosesə daxil edilə biləcəyi vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər