Rusiya hərbi komandanlığı Vuqledara növbəti hücuma keçmək, Baxmut və Kreminnaya bölgəsində döyüşləri davam etdirməklə bağlı dilemma qarşısına qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
Məlumatda bildirilir ki, Rusiya komandanlığı son vaxtlara qədər Vuqledara hücumu Ukraynada cəbhə xəttində davam edən əməliyyat baxımından ciddi irəliləyiş əldə etməyin əsas yolu hesab edib. İndi qərarın qəbulu ona görə çətinləşib ki, rus işğalçılarının qış ayları ərzində Vuqledarda bir neçə hücumu uğursuzluqla nəticələnib.
Bundan əlavə, kəşfiyyat xidməti Rusiya müdafiə naziri Sergey Şoyqunun Ukraynanın işğal olunmuş ərazilərinə səfərində məqsədinin nə olduğuna diqqət çəkib. Məlumatda qeyd edilir ki, Şoyqu bununla “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin cəbhəyə səfərinə cavab verib.
Britaniya kəşfiyyatı bildirir ki, “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında mübahisə var, buna görə Şoyqu Priqojinlə müqayisələrə həssas yanaşır. Kəşfiyyat Şoyqunun videogörüntülərinə düşən yeganə rus səhra komandirinin “xüsusi hərbi əməliyyat”ın komandanı general-polkovnik Rüstəm Muradov olduğuna diqqət çəkib.