Rusiyanın işğalı altında olan Ukraynanın Krım yarımadası İlan (Zmiyniy) adasının azad edilməsi ssenarisi əsasında geri alına bilər.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
“Bu, Krım yarımadasının tam təcrid edilməsi və işğalçıların metodik, sistemli şəkildə məhv edilməsi ssenarisisidir”, - ekspert bildirib.
Onun fikrincə, bu ssenarinin aktiv fazasının başlaması üçün Ukrayna Silahlı Qüvvələrinin əsas missiyası yarımadanın inzibati sərhədinə çatmaq olmalıdır. Bundan sonra yarımadadakı bütün hərbi obyektlər və infrastrukturun zərbələrlə dağıdılması başlana bilər.
“Önəmli məqam Azov dənizi üzərində tam nəzarətin bərpası və materik Rusiya ilə yarımadanı birləşdirən yeganə logistik arteriyanın - Krım körpüsünün vurulması olacaq. Yarımadadakı rus hərbi kontingenti təcrid olunacaq və hər gün itkilər verəcək, bunun bərpası mümkün olmayacaq. Yəni bir müddət sonra Krımda rus qoşunlarının bölmələrinin döyüş qabiliyyətinin tamamilə itirilməsinə səbəb olacaq gündəlik zərərdən söhbət gedir”, - Kovalenko vurğulayıb.
Ekspert iddia edir ki, rusların hazırda Krımda aktiv şəkildə məşğul olduqları müdafiə xətlərinin çəkilməsi, səngərlərin qazılması və istehkamların quraşdırılması onlara kömək etməyəcək:
“Hazırda ruslar işğal altındakı Krımda heç bir halda reallaşdırılması mümkün olmayacaq ssenariyə hazırlaşırlar. Çantalarınızı yığın, səngərlər kömək etməyəcək. Əksinə, sizi onların içində basdıracaqlar”.