ABŞ-ın Aerokosmik Agentliyi (NASA) 2046-cı ildə kiçik də olsa Yerlə toqquşma ehtimalı olan asteroidi müşahidə etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hərəkəti fevralın əvvəlindən izlənilən üzgüçülük hovuzu böyüklüyündə olan asteroid 23 il sonra Yerə ən yaxın məsafədən keçəcək və potensial təsir ehtimalına sahib olacaq.
Yerlə toqquşma ehtimalı Avropa Kosmik Agentliyi tərəfindən 625-də 1, NASA-ya görə isə 560-da 1 olaraq hesablanıb.
NASA bu ehtimalın ciddi şəkildə dəyişə biləcəyini də iddia edir.
2023 DW adlı asteroidin diametri təxminən 50 metr olaraq hesablanıb. Göy cisminin 2046-cı il fevralın 14-də Yerdən 1.8 milyon kilometr uzaqlıqdan keçəcəyi təxmin edilir.
Asteroid saniyədə 25 kilometr sürətlə hərəkət edərkən, Günəş ətrafında bir orbitini 271 günə tamamlayır.
NASA-nın DART kosmik gəmisi ötən il sentyabrın 27-də Yerdən təxminən 11 milyon kilometr uzaqlıqdakı asteroidə uğurlu zərbə vuraraq, orbitini bir az dəyişdirməyi bacarmışdı.