Türkiyə müxalifətinin “Altılıq Masası” blokunun 12-ci toplantısında İYİ partiya sədri Maral Akşənərin CHP rəhbəri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxmasından sonra başlayan gərginlik böyüyür.
Teleqraf.com xəbər verir ki, gəlişmədən sonra müxalif media Akşənəri hədəfə almağa başlayıb.
Bundan əvvəl İYİ Partiya üzvlərini kanallarında və digər mətbuat orqanlarında qonaq edən, təbliğat aparmasına icazə verən CHP-yə yaxın media birdən-birə İYİ Partiya və Akşənərə qapılarını bağlayıb. Bununla bağlı İYİ Partiyadakı narahatlığı Akşənərin müavini Ümit Özlalə dilə gətirib. Partiya rəsmisi tamamilə senzuraya məruz qaldıqlarını bildirib.
“Daim qapılarını üzümüzə açan, biz AKP-ni tənqid edəndə təriflər yağdıran müxalifət kanallarının birdən-birə üzümüzə qapıları necə bağladığını təəssüflə gördük”, - sədr müavini bildirib.
Özlalə müxalifət kanalları tərəfindən hətta özlərini müdafiə hüquqlarının da əngəlləndiyini deyib: “Ad çəkməyəcəm, bundan sonra İYİ Partiya üzvləri populyar müxalifət kanalına çıxmayacaqlar”.
Türkiyədə ən populyar müxalifət telekanalı “Halk” CHP-yə məxsusdur.