11 Mart 2023 13:36
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Parlamentinin Qanunverici Palatası Konstitusiyaya dair referendumun keçirilməsi haqqında qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, səsvermə zamanı 132 deputat lehinə səs verib, 2 deputat bitərəf qalıb, 3 deputat səsvermədə iştirak etməyib.

İclasda həmçinin, əsas qanuna əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçiriləcəyi tarix aprelin 30-u olaraq təsdiq edilib.

Mövcud qanunvericiliyə görə, parlament Konstitusiyaya dəyişiklik etmək hüququna malikdir. Keçən il iyunun 20-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev əsas qanuna əlavə və dəyişikliklərlə bağlı təkliflərin formalaşdırılması üzrə konstitusiya komissiyasının üzvləri ilə görüşdə xalqın da rəyinin nəzərə alındığı referendum yolu ilə konstitusiya islahatının aparılmasının zəruri olduğunu bildirib.

Özbəkistan Konstitusiyasındakı maddələrin sayının hazırkı 128-dən 155-ə, normalarının isə 275-dən 434-ə çatdırılması təklif olunur.

Yenilənmiş və ya yeni Konstitusiya qəbul olunarsa, hazırkı prezidentin iki müddəti sıfırlanacaq və üçüncü müddətə namizəd olmaq imkanı əldə edəcək.

Bu həftə Özbəkistan prezidentinin administrasiyası Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin yekun variantının hazırlandığını açıqlayıb.

Daşkənd Konstitusiyaya düzəlişlər layihəsini hələ ötən ilin iyununda açıqlayıb. Bu, Qaraqalpaqstan Muxtar Respublikasında narazılığa səbəb olub. Mitinqlər zamanı 21 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Bundan sonra Daşkənd düzəlişləri geri götürdüyünü bəyan edib, layihədə Qaraqalpaqstanın ayrılmaq hüququnun məhdudlaşdırılması maddəsinin olmayacağı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər