“On bir vilayətdə həyatını itirənləri unutmadan seçki keçirəcəyik, musiqi səsləndirməyəcəyik, təşviqat işləri aparmayacağıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə liderinin çıxışından əsas məqamlar belədir:
“Cümhur İttifaqı olaraq 14 may dastanını birlikdə getdiyimiz, yeni qoşulan və ya qoşulacaq dostlarımızla birgə yazacağıq.
Hər seçki önəmlidir, son zəlzələ fəlakətinin verdiyi itkilər 14 may seçkisini fərqli bir yerə apardı. Qarşımızdakı sözləri bir yerə gəlməyən ittifaqa (müxalifətin Millət İttifaqı bloku) baxaraq bu durumu anlaya bilərik. Əslində, qarşımızda ittifaq yox, köhnə Türkiyədə olduğu kimi bazarlığa əsaslanan bir blok var. “Səkkizlik” və ya “onluq” olduğu bəlli olmayan bir masa.
Bu blokun gündəmində zəlzələnin yaralarını sarmaq ehtiyacı yoxdur. Qlobal və regional böhranların mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı gündəmləri yoxdur. Onlar edilənləri məhv edəcəklərinə söz verirlər.
Terror təşkilatlarının başlarını əzdiyimiz mübarizə onların gündəmində deyil. Onların gündəliyinə səlahiyyət və vəzifə bölgüsü daxildir. Milli birliyimizi, həmrəyliyimizi pozmaq niyyətləri var.
“Altılıq” blokunun “gücləndirilmiş parlament sistemi” deyərək başladığı yolun sonu at bazarlığından da betər vitse-prezidentlik davasına gəlib çıxdı.
Bay Kamalı prezidentliyə namizəd kimi göstərən bu blokun gündəmində ölkə və millətin heç bir məsələsi yoxdur.
Türkiyə, türk demokratiyası belə üzücü bir mənzərəyə layiq deyil.
Biz hər seçkidə etdiyimizdən daha çox çalışacağıq. Əks halda, ölkənin yaşayacağı günahın altında qalacağıq. Xalqımızın bəsirətindən başqa doğru çəkən tərəzi görməmişik.
On bir vilayətdə həyatını itirənləri unutmadan seçki keçirəcəyik, musiqi səsləndirməyəcəyik, təşviqat işləri aparmayacağıq. Bəziləri kimi partiya qərargahının önündə vur partlasın-çal oynasın etməyəcəyik.
Bizimlə millətimiz arasında ürəkdən ürəyə gizli bir yol var. Gəlin bu yolu kirdən və hesabdan uzaq tutaq. Yardımçımız Allah, yoldaşımız millətimizdir. Seçki təqvimi bizə göstərir ki, qısa müddətə çoxlu iş görməliyik”.
Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.