CHP sədrinin müavini Bülənt Kuşoğlu Türkiyə müxalifətinin Millət İttifaqının seçkidə qalib gələcəyi təqdirdə İstanbul və Ankara şəhərlərinin bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşın yeni vəzifələri ilə bağlı atılacaq addımları açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Kuşoğlu seçkiləri qazandıqdan sonra bu iki şəxsi vitse-prezident təyin edəcəkləri halda, hər iki bələdiyyəni AKP-yə uduzacaqlarını deyib.
"Bununla bağlı məsələ müzakirə ediləcək. İmamoğlu və Yavaş eyni anda həm vitse-prezident, həm də bələdiyyə sədri ola bilməzlər. Türkiyənin dövlət ənənəsində belə bir şey yoxdur. Hörmətli Kılıçdaroğlu bunu heç vaxt etməzdi və istəməzdi. Eyni şəkildə Millət İttifaqının digər liderləri də buna qarşıdır", - CHP rəsmisi bildirib.
Onun sözlərinə görə, Yavaş və İmamoğlunun mayın 14-nə - seçkiyə kimi postlarını tərk etmələrinə ehtiyac yoxdur:
“Kılıçdaroğlu seçildikdən sonra məsləhətləşmə aparılacaq. Əgər təyinatları məqsədəuyğun hesab edilərsə, bələdiyyə sədri postlarını tərk edərək vitse-prezident vəzifəsinə təyin olunacaqlar. “Bələdiyyələrdə görüləcək işlər var” deyərək qərar verilərsə, 2024-cü ilin mart ayına qədər vəzifələrinə davam edəcəklər. Bundan sonra bu işə başlayacaqlar”.
İYİ partiya sədri Maral Akşənər Millət İttifaqı seçkidə qalib gələcəyi təqdirdə Yavaş və İmamoğlunun vitse-prezident təyin ediləcəyi təklifi müqabilində Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləmişdi.