15 Mart 2023 12:16
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Wall Street Journal” nəşrində yayımlanan məqaləyə görə, ABŞ Çinə qarşı yeni sanksiyalar paketi tətbiq etməyə hazırlaşır. Vaşinqton Amerika şirkətlərinə Çinin bir sıra texnoloji sahələrinə yatırım qoymağı qadağan edəcək. Vaşinqton Çinin mikrosxemlərin istehsalında liderliyini əngəlləmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilir.

Mərkəzin ekspertləri deyirlər ki, Pekin Vaşinqtonu Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozmaqda ittiham edib:

“Röyter” agentliyinin xəbərinə görə, Vaşinqton Çinin yarımkeçiricilər sahəsinin inkişafını da əngəlləməyə çalışır. Amerika vətəndaşlarına Çinin texnoloji şirkətlərində işləmək qadağan ediləcək. Vaşinqtonda hesab edirlər ki, Pekin uzun illər Amerika şirkətlərinin texnoloji kəşflərindən istifadə edərək, Çinin eyni sahədə fəaliyyətini genişləndirib və bu naliyyətlərdən ordunun təhcizatı üçün istifadə olunub.

ABŞ-ın əngəllərinə ilk reaksiya Çinin bu ölkədəki səfirliyindən gəlib. Səfirliyin verdiyi açıqlamada heç bir qadağanın Çin elmi və texnologiyalarının inkişafına mane olmayacağı bildirilib. Qadağalar dövlət katibi Entoni Blinkenin Çinə səfərindən sonraya saxlanılmışdı. Ancaq səfər Amerika səmasında Çinin kəşfiyyat şarlarının aşkarlanması səbəbindən təxirə salındı. Bu səbəbdən Vaşinqton qadağa qərarlarını daha erkən verəcəyini bəyan edib.

Pekin ABŞ qadağalarına qarşı mübarizə strategiyası hazırlamağa başlayıb. Çin lideri Si Cinpinin baş müşaviri Lyu Xenin sözlərinə görə, ölkə təhlükəsizliyi və modernləşdirilməsi üçün lazım olan bütün addımlar atılacaq. Ancaq bəyanatla problem həll olunmur”.

Mərkəzin ekspertləri qeyd edirlər ki, Çində yüksək texnologiyalar və çiplərin istehsalı sahələri üzrə mütəxəssislərin sayı çox deyil:

“Yəni Amerika Çinə problem yarada bilər. 2024-ci il üçün Çinin yarımkeçiricilər sənayesində 800 min işçiyə ehtiyacı olacaq. Çin bunların üçdə bir hissəsini xarici ölkələrdən cəlb etməyi planlaşdırır. Yaponiya, Cənubi Koreya və Hollandiyaya müraciət edərək, yarımkeçiricilərin istehsalında əngəllərə qarşı birgə mübarizə aparmağı təklif edib. Bu ölkələrin Çinin çağırışına müsbət cavab verəcəyi çətindir, çünki ABŞ-la strateji tərəfdaşdırlar. Əksinə, Vaşinqton tərəfdaşlarının Çinin yüksək texnologiyalar istehsalına qoyulan qadağalara şərik olmasını istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər