17 Mart 2023 14:12
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. Münasibətlərin normallaşması ilə bağlı danışıqlar Pekində keçirilib. Görüş yerinin Çin paytaxtı seçilməsi təbii idi. Pekin həm İran, həm də Səudiyyə Ərəbistanlı ilə sıx münasibətlərə malikdir və bu iki dövlət arasında gərginliyin azalmasını istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Təhlildə qeyd olunur ki, Çin lideri Si Cinpin müxtəlif vaxtlarda həm İran, həm də Səudiyyə Ərəbistanına səfər edib:

“Tehran və Ər-Riyad da Çinlə tərəfdaşlıq əlaqələrini genişləndirmək istəyirlər. Pekinə çətin olacaq. Çünki siyasətləri bir-birinə zidd olan İran və Səudiyyə Ərəbistanını uzunmüddətli barışdırmaq problematikdir.

Buna baxmayaraq, İran və Səudiyyə iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, səfirlikləri açmaq barədə razılığa gəlib. İki ölkənin xarici işlər nazirləri qərarı həyata keçirmək üçün yaxın günlərdə görüşəcək. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, Tehran və Ər-Riyad arasındakı əlaqələrin normallaşması iki ölkəyə, regiona və İslam dünyasına böyük töhfə verəcək.

İran-Səudiyyə münasibətlərinin tam normallaşacağını gözləmək çətindir. Çünki Tehran bölgə ölkələrinin daxili işlərinə qarışır, müxtəlif silahlı qrupları dəstəkləyir və bu siyasətindən əl çəkmək istəmir. Məsələn, Tehran Yəməndəki silahlı qruplaşmaları dəstəkləyir, onlar isə qonşu Səudiyyə Ərəbistanına problemlər yaradırlar. Tehran bu siyasətindən əl çəkəcəkmi? Çətin. Deməli, münasibətlərdə gərginlik azalmayacaq. Tehrandakı dairələr isə Səudiyyənin İrandakı narazı qüvvələri dəstəklədiyini, bəzilərini isə silahlandığını iddia edirlər.

Buna baxmayaraq, diplomatik münasibətlərin bərpası Tehran üçün vacibdir ki, Qərbin sanksiyaları fonunda Səudiyyə Ərəbistanın simasında rəqiblərdən birinin neytral siyasətə sövq edə bilsin. Ancaq yarana biləcək kiçik problem yenidən iki ölkə arasında diplomatik münasibətləri qopma nöqtəsinə gətirəcək. Çünki İrandakı mühafizəkar rejim “ənənəvi siyasət”indən imtina etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər