18 Mart 2023 21:08
2 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası Ukraynanın işğal edilmiş Donetsk vilayətindəki separatçı rejimin “ombudsman”ı Darya Morazovanın şurada çıxış etməsi təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın tələbi ilə toplanan BMT TŞ-nin 15 üzvündən 8-i təklifin əleyhinə səs verdiyi halda, Rusiya nümayəndə heyəti də daxil olmaqla, yalnız 4-ü lehinə səs verib, 3 üzv bitərəf qalıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Morazovanın şurada çıxış istəyi ilə bağlı belə deyib:

“Bu, Rusiyanın (Ukrayna ərazisini) qeyri-qanuni ilhaq səylərini qanuniləşdirmək və qeyri-legitim hakimiyyətin tanınmasını dolayısı ilə genişləndirmək üçün açıq cəhddir. Şuranın qondarma Donetsk Xalq Respublikasının ombudsmanı olduğunu iddia edən hər hansı bir şəxsi dəvət etməsi yersizdir”.

“Ombudsman”ın dinlənilməsini istəyən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya isə “Donbasdakı fəlakətli humanitar vəziyyət” haqda birinci əldən məlumat almaq imkanı vermək ideyası ilə Morozovanı şuraya dəvət etməyi təklif etdiklərini bildirib.

Rusiya nümayəndəsi deyib ki, Morozovanın çıxışı “ifadə azadlığı məsələsi”dir.


Müəllif: Mənsur Rəğbətoğlu