Fransada pensiya yaşının 64-də qaldırılması layihəsinə təpki olaraq başlayan və iki aydır davam edən kütləvi etiraz aksiyaları davam edir.
Teleqraf.com xəbər verir ki, dünən axşam saatlarında yenidən paytaxt Paris küçələrinə çıxan 4 mindən çox etirazçı Konkord meydanında toplaşıb.
İslahatın geri götürülməsini tələb edən etirazçılar meydanda böyük tonqal qalayıblar. Fransa prezidenti Emmanuel Makronun maketini yandıran etirazçılar “Makron, XVI Lüdovikin başını kəsdik, yenidən başlaya bilərik” şüarları səsləndiriblər.
Ərazidə barrikadalar quran və polisə fişəng atan aksiyaçılara gözyaşardıcı qazla cavab verilib. Hadisələrdə 61 nəfərin saxlanıldığı bildirilir.
Digər tərəfdən, parlamentdə 5 fərqli siyasi qrupu və 88 deputatı olan radikal sağçı Milli Cəbhə Partiyası tərəfindən Fransa Baş naziri Elizabet Börnə qarşı etimadsızlıq təklifi təqdim edilib.
Məsələ ilə əlaqədar açıqlama verən partiyanın deputatı Laura Lavalette deyib: “Təqdim olunan bütün etimadsızlıq təkliflərinə səs verəcəyik”.
Təkliflərin bazar ertəsi günortadan sonra Milli Assambleyada müzakirəyə çıxarılacağı gözlənilir.
Etimadsızlıq təklifi kifayət qədər deputat tərəfindən dəstəklənərsə, Makron hökuməti buraxılacaq. Təklif yetərincə dəstək almazsa, qanun layihəsi parlamentdə təsdiq olunmadan qəbul edilmiş sayılır.
Ölkə boyu etirazlara səbəb olan islahatlara əsasən, Fransada pensiya yaşı sentyabrın 1-dən hər il mərhələli şəkildə 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 63 yaş 2030-cu ildə isə 64 yaşa çatacaq. 2027-ci ildən tam pensiya almaq üçün 43 il işləmək lazım gələcək.