Rusiya baş nazirinin müavini Marat Xusnullin Prezident Vladimir Putindən bir həftə Mariupolda (Ukraynanın işğal edilmiş şəhəri), sonra isə federasiyaya birləşdirilmiş digər “yeni ərazilər”də qalmaq üçün icazə istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Kremldən verilən məlumata görə, Putin bu gün Mariupola vertolyotla uçub, sonra avtomobillə şəhərin bir neçə rayonunu gəzərək şəhər sakinləri ilə söhbətləşib.
Səfərdə onu baş nazirin müavini Xusnullin müşayiət edib. Səfərdə əsas söhbət mikrorayonların, sosial, səhiyyə və təhsil müəssisələrinin tikintisindən gedib. Prezident avtomobil sürərkən Xusnullin şəhərin bərpasından danışıb.
“Mən özüm ayda bir-iki dəfə buraları ziyarət edirəm. İcazə verin, indi biz sosial-iqtisadi inkişaf proqramını təsdiq edək, həmçinin bir həftə burada yaşayım. Mən burada, sonra hər bölgədə yaşamaq istəyirəm”, - Xusnullin Putinə bildirib.