Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq həbsinə orderin verilməsi mənfi nəticələrə gətirib çıxaracaq və Ukraynadakı müharibəni uzadacaq.
Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
“Hüquqi məsələlərə girmədən deyə bilərəm ki, Putinin həbsinə order verilməsi pis siyasi nəticələrə gətirib çıxaracaq. Bu, sülh və atəşkəslə bağlı böyük istəksizliyi göstərir. Mənim sualım belədir: indi onu ən ağır hərbi cinayətlərdə ittiham etdiyinizə görə kiminlə danışacaqsınız?”, - Vuçiç bildirib.
Serbiya lideri əlavə edib:
“Həqiqətən düşünürsünüz ki, Rusiyanı bir aya, üç aya və ya bir ilə məğlub etmək olar? Şübhə yoxdur, bunu edənlərin niyyəti danışıqları çətinləşdirməkdir ki, onunla danışan hər kəs onun hərbi cinayətlərdə ittiham olunduğunu bilsin”.
“Putindən Serbiyaya gələrsə, həbs olunacaqmı” sualına prezidentin cavab belə olub: “Bu, mənasız sualdır, çünki bəllidir ki, münaqişə davam etdikcə Putinin gedəcək yeri olmayacaq”.
Beynəlxalq Cinayətlər Məhkəməsi ötən həftənin cümə günü Rusiya prezidentini hərbi cinayətlərdə ittiham edərək, həbsinə order verib.