ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri ilə əlaqəli Texasda keçirdiyi ilk böyük mitinqdə ittihamlara cavab verərkən, mümkün respublikaçı rəqibi, Florida qubernatoru Ron De Santisi hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, Vako şəhərində keçirdiyi ilk rəsmi kampaniya mitinqində Tramp 2024-cü il seçkilərini “son döyüş” kimi xarakterizə edib və ona qarşı irəli sürülən ittihamların öhdəsindən gələcəyini deyib.
Pornofilm aktrisası Stormi Denielslə əlaqəli ittihamlara toxunan eks-prezident insanların bu iddiaları absurd və ədalətsiz hesab etdiyini bildirib və istintaqı aparan Ədliyyə Nazirliyini “Ədalətsizlik Nazirliyi” adlandırıb.
Bundan başqa, Tramp Rusiyanın Ukraynaya hücumlarına görə Prezident Co Baydeni günahlandırıb. Çinin öhdəsindən gələ biləcəyini iddia edən Tramp əsas mübarizə aparılacaq kəslərin Vaşinqtonda olduğunu söyləyib: “Ya dərin dövlət Amerikanı məhv edəcək, ya da biz dərin dövləti məhv edəcəyik”.
Təxminən saatyarım davam edən çıxışında Tramp respublikaçıların səslərinə can atan mümkün rəqibi De Santisi də qınayıb və seçkilərdəki səslərinin aşağı olduğunu iddia edib.
Seçicilərin Trampdan sonra ən populyar isim kimi göstərdiyi Florida qubernatoru De Santisin yaxın aylarda Respublikaçılar Partiyasından 2024-cü il prezidentliyinə namizədliyini açıqlayacağı gözlənilir.