27 Mart 2023 11:58
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahunun ölkə daxilində kütləvi etirazlara səbəb olan mübahisəli məhkəmə islahatını 13 həftə müddətinə dayandıracağı bildirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin KAN telekanalı baş nazirin ofisindəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Netanyahu islahatın dayandırılacağını elan etməyi planlaşdırır.

Baş nazir dünən məhkəmə tənzimləməsini nəzərdə tutan islahatın dayandırılmasını tələb edən müdafiə naziri Yoav Qallantı istefaya göndərib, bundan sonra yüz minlərlə insan küçələrə çıxıb.

Qallantın çağırışı Likud Partiyası tərəfindən də dəstəklənib. Likuddan olan deputatlar Yuli Edelşteyn və David Bitan Qallanta qoşularaq qanun layihəsini dayandırmağa və dialoqa çağırıblar.

Ədliyyə naziri Yariv Levin yanvarın 5-də bildirmişdi ki, Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran və hakimlərin seçiminə məhkəmə sisteminin təsirini azaldan islahatlar planlaşdırırlar.

Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin ədliyyə orqanlarının bəzi səlahiyyətlərinin parlamentə ötürülməsi istiqamətində atdığı addımlar hökumətlə məhkəmə sistemi, xüsusilə də Ali Məhkəmə arasında gərginliyə səbəb olub.

Ölkənin ən yüksək məhkəmə orqanı İsrail Ali Məhkəməsi əsas qanunlara uyğun gəlmədiyi təqdirdə parlament tərəfindən qəbul edilən qanunları ləğv etmək səlahiyyətinə malikdir. Netanyahu hökumətinin planlaşdırdığı tənzimləmədə bu səlahiyyətin böyük ölçüdə Ali Məhkəmədən alınacağı qeyd olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər