Rusiya Prezidenti Vladimir Putin son müsahibəsində bildirib ki, ölkəsi Çinlə hərbi ittifaq yaratmaq fikrində deyil. “Biz Çinlə hərbi-texniki sahədə əməkdaşlıq etsək də, ittifaq yaratmırıq, qarşılıqlı əməkdaşlıq prosesi şəffafdır”, deyən Putin iki ölkə arasında hərbi təlimlərin sayının artdığını da etiraf edib. O, Rusiyanın Çinlə yanaşı başqa ölkələrlə də birgə hərbi təlimlər keçirdiyini deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Təhlildə qeyd olunur ki, Kreml sahibi Qərbin “qlobal NATO” yaratdığını iddia edib:
“Putin hesab edir ki, Qərb yeni ittifaqlar formalaşdırır. Rusiya prezidenti buna misal olaraq 1930-cu illərdə Almaniya və İtaliya faşistlərinin militarist Yaponiya ilə ittifaq yaratmalarını göstərib: “NATO-nun 2022-ci il strateji inkişaf konsepsiyasında yazılıb ki, Şimali Atlantika Bloku Asiya və Sakit okean regionu ölkələri ilə əlaqələri genişləndirəcək. Bu sırada Yeni Zelandiya, Avstraliya və Cənubi Koreya da var. Bu ölkələrin özləri də NATO ilə qlobal əlaqələri inkişaf etdirəcəklərini bildiriblər”.
Maraqlıdır ki, Putin Asiya və Sakit okeanı ölkələrindən danışarkən Hindistanın adını çəıkməyib. Halbuki Dehli də son illər Qərblə hərbi-texniki əməkdaşlığa üstünlük verir. Putin Hindistanın adını ona görə çəkməyib ki, hər halda Moskvanın Dehli ilə siyasi və iqtisadi əlaqələri var və bu ölkəyə müəyyən sayda hərbi texnika sata bilir. Digər tərəfdən, Dehlinin Qərblə əməkdaşlığını genişləndirməsinə baxmayaraq, Hindistan Rusiya ilə dialoqunu davam etdirir. Yeni Zelandiya, Avstraliya və Cənubi Koreyanın isə Rusiya ilə dialoqu aşağı səviyyədədədir. Ona görə də Putin NATO-nun qlobal planlarından danışarkən məhz bu ölkələrin adını çəkib”.
Putinin Çinlə hərbi ittifaqının mövcud olmaması fikrinə gəldikdə, mərkəzin ekspertləri hesab edirlər ki, bunu ilk növbədə Pekin istəmir:
“Rusiya Çinlə hərbi ittifaq formalaşmaq istəyərdi, çünki Kremlin NATO-ya mübarizəsində güclü müttəfiqə ehtiyac var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işə yaramır. Ancaq Pekin hərbi ittifaqlarda maraqlı deyil. Əlbəttə, Çin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirəcək. Ancaq Pekin Kremlin “kiçik qardaş”ı olmaq istəmir. Pekinin Kremllə strateji tərəfdaşlıqda əsas marağı, çoxqütblü dünyanın formalaşması və Rusiyadan ucuz qiymətə neft-qaz almaqdan ibarətdir”.