Heç bir halda nüvə müharibəsi başlamamalıdır.
Teleqraf.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin diqqəti problemlərin diplomatik həllinə yönəltməyə çağırıb.
Çin rəsmisi həmçinin ötən il yanvarın 5-də nüvə dövlətlərinin liderlərinin birgə bəyanatına istinad edib, bildirib ki, nüvə müharibəsində qalib gəlmək mümkün deyil.
Ninin açıqlamasında nüvə silahına malik dövlətlər arasında müharibələrin qarşısını almaq və strateji risklərin azaldılmasının vacibliyi vurğulanıb. Diplomat bütün tərəfləri birgə işləməyə və vəziyyətin gərginləşməsinin qarşısının alınmasına töhfə verməyə çağırıb.
Martın 25-də Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahlarının yerləşdiriləcəyini açıqlayıb. İyulun 1-dək başa çatdırılmalı olan müvafiq anbar tikildikdən sonra “İsgəndər” kompleksi Belarus ərazisində yerləşdiriləcək. Rusiya prezidenti bu addıma görə ABŞ-ı ittiham edib. Onun iddiasına görə, Rusiya nüvə silahının yerləşdirilməsi məsələsində ABŞ-ı izləyir.
Avropa Birliyi və ABŞ Rusiya liderinin bəyanatına etiraz edib.