Fransa Ukraynaya 155 mm-lik mərmi tədarükünü ikiqat artıracaq, bu, ayda iki minə qədər mərmi edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastiyen Lekornu məlumat verib.
Nazir bildirib ki, Paris Ukraynanın əks-hücumları üçün lazım olan yerüstü avadanlıqları tədarük edəcək:
“Beləliklə, 155 mm-lik mərmilərin tədarükünü ikiqat artırırıq ki, martın sonundan bunların həcmini ayda 2000-ə çatdırırıq”.
Ukrayna Fransa istehsalı SEZAR özüyeriyən texnikalarında və Almaniyadan aldığı “PzH 2000”-lərdə 155 mm-lik mərmilərdən fəal şəkildə istifadə edir.
Rusiyanın dalana dirənmiş hücumu fonunda Qərb Ukraynanı ABŞ-ın proqnozuna görə, yazın sonunda başlamalı olan əks-hücuma intensiv hazırlayır. ABŞ və müttəfiqləri ağır zirehli texnikaların təhvil verilməsi ilə yanaşı, sursat tədarükünü də artırır.
Artıq 20 Avropa ölkəsi Ukrayna ordusu üçün 155 mm-lik sursatın alınması ilə bağlı layihə sazişinə qoşulub. 155 mm-lik 1 milyon mərmi 12 ay ərzində Ukraynaya təhvil veriləcək.