ABŞ-ın CNBC telekanalı Türkiyə müdafiə sənayesinin son uğurları ilə bağlı geniş reportaj hazırlayıb.
Teleqraf.com xəbər verir ki, kanal Türkiyənin bu uğurlarını “Ərdoğanın başlatdığı inqilabın meyvələri” adlandırıb.
CNBC Türkiyənin müasir PUA-ları ilə xarici siyasətdə əlini gücləndirdiyini bildirib:
“Türkiyənin qlobal müdafiə sənayesindəki rolunu yüksəldən tək şey PUA-lar deyil. Son bir neçə ildə Türkiyənin müdafiə sənayesi şirkətləri tərəfindən imzalanan beynəlxalq müqavilələrin sayı sürətlə artan tələb və Türkiyənin xarici siyasətinə təsiredici təsir göstərir”.
“Bayraktar TB2”-nin Ukrayna müharibəsindəki rolu vurğulanan təhlildə müdafiə sənayesində ixracat nöqtəsi bu cümlələrlə ifadə edilib:
“Türkiyə 2022-ci ildə 4,4 milyard dollarlıq müdafiə ixracı həyata keçirib. Bu, bəzi Avropa ölkələrinin illik müdafiə büdcəsindən çoxdur. 2023-cü ildə bu rəqəmin 6 milyard dollara yüksələcəyi gözlənilir”.
Kanal Türkiyənin bu sahədə çalışan 2000 şirkətinin olduğunu qeyd edib:
“Bunun kökləri 2000-ci illərin əvvəllərində müasir və özünü təmin edən müdafiə sektorunun yaradılması və daxili investisiyaların təşviqi strategiyasından başlayır. Ərdoğanın yerli şirkətlərə güclü dövlət sərmayələri qoymağa davam etdiyi iyirmi illik layihəsi silah satışının Türkiyənin xaricə (Asiya, Yaxın Şərq, Avropa, Körfəz bölgəsi) təsirini artırması ilə öz bəhrəsini verir.
Türkiyənin istehsal sahəsi ABŞ, Rusiya və Çin kimi böyük oyunçularla müqayisədə hələ də kiçik olsa da, Ukraynada istifadə edilən “Bayraktar” pilotsuz uçan aparatlar kimi silahların performansı Liviya, Suriya və Azərbaycan-Ermənistan münaqişəsində də diqqət çəkib”.
CNBC bildirib ki, Türkiyənin müdafiə sənayesi şirkətləri yaxın illərdə NATO ölkələrinin inventarını dolduracaq qədər sifarişlər alıblar.
Türk müdafiə sənayesi şirkətlərinə tələbatın yüksək olduğunu vurğulayan “Assan” qrupun idarə heyətinin sədri Emin Önər rəhbərlik etdiyi şirkətin yaxın bir neçə il üçün sifarişlərlə dolu olduğunu və 24 saat növbə ilə işlədiklərini deyib:
“Ukrayna-Rusiya müharibəsi böyük tələbat yaradıb, hətta müharibədə iştirak etməyən ölkələr belə anbarlara yığırlar. NATO ölkələrinin tələbini ödəmək üçün istehsal gücümüzü iki dəfə artırırıq”.
PAVOTEK müdafiə şirkətinin rəhbəri Alpər Özbilən isə bildirib ki, Yaxın Şərq, Asiya və Avropadan böyük beynəlxalq tələbat var.