29 Mart 2023 12:18
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin lideri Si Cinpinin martın 20-də Rusiyaya iki günlük səfəri və Kreml sahibi Vladimir Putinlə müzakirələri dünya mətbuatında hələ də müzakirə predmetidir. Yanaşmalar müxtəlifdir. Bir qisim düşünür ki, Rusiya Çinlə Qərbə qarşı birgə mübarizə aparacaq. Digərləri isə hesab edirlər ki, Çinlə Rusiyanı yalnız anti-Qərb siyasəti birləşdirir, bu iki ölkənin milli və təhlükəsizlik maraqları üst-üstə düşmür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, bunda həqiqət ondan ibarətdir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğlaçı müharibəsini pisləməsə də, bunu təqdir də etmir:

“Digər tərəfdən, Pekini Rusiya rəsmilərinin “nüvə silahından istifadə edə bilərik” kimi açıqlamaları narahat edir. Putinin Belarusda nüvə başlıqlı raketlər yerləşdirəcəyi açıqlaması da, Pekində narahatlıqla qarşılanıb. Buna baxmayaraq, Vaşinqtonun Rusiya ilə yanaşı, Çinə qarşı da sərt siyasəti Pekinlə Moskva arasında məsafəni qısaldıb ki, əslində, bu amil Qərbin maraqlarına cavab verməməlidir.

Bu arada, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ikinci “soyuq müharibə”nin birincidən daha təhlükəli olacağı barədə xəbərdarlıq edib. Kissincerin sözlərinə görə, son qlobal iqtisadi-siyasi qarşıdurma zamanı rəqiblərin maliyyə və iqtisadi imkanları qeyri-bərabər olub və bu, ABŞ-ın qələbəsini təmin edib. Ancaq keçmiş dövlət katibi bu qələbənin əridiyi fikrindədir. Kissincer hesab edir ki, Çin imkanlar baxımından ABŞ-a çatıb.

Vaxtilə ABŞ Çinlə yaxınlaşaraq bu ölkəni keçmiş SSRİ-dən daha da uzaqlaşdırmışdı. Çünki o illərdə dövlət katibi olan Kissincer hesab edirdi ki, ABŞ eyni zamanda həm SSRİ, həm də Çinlə mübarizə apara bilməz, bunlardan biri ilə normal münasibət qurmaq lazımdır. Vaşinqtonun bu siyasəti müsbət nəticələndi, SSRİ-nin dağılması buna sübutdur. İndi isə Vaşinqton həm Rusiya, həm də Çinə qarşı mübarizə aparır, bu isə ABŞ-ın imkanlarını tükəndirir”.

Təhlildə qeyd olunur ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kissincerlə eyni fikirdədir:

“Tramp hesab edir ki, Çinlə Rusiya dünya düzəninin yenidən qurulması üzərində birgə çalışır, bu isə ABŞ üçün təhlükədir. Tramp buna misal olaraq, Si Cinpinin Rusiyaya son səfərini və Vladimir Putinlə uzun müzakirələrini göstərib.

Maraqlıdır ki, Trampın sözlərinə baxmayaraq, Çinlə Rusiyanın yaxınlaşmasında onun da günahı var. Çünki məhz Tramp prezident olduğu illərdə Çinə qarşı iqtisadi sanksiyalara üstünlük verib. Halbuki Cinpin ABŞ-a səfər edərək Trampla dialoqu genişləndirmək istəyirdi, alınmadı. Trampdan sonra prezident seçilən Co Bayden hələ də Çinlə dialoqu bərpa edə bilməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər