29 Mart 2023 16:52
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenin ölkəsində məhkəmə islahatları ilə bağlı açıqlamasına sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, baş nazir İsrailin heç bir dövlətin, hətta ən yaxşı dostlarından biri ABŞ-ın belə təsir dairəsində olmadığını deyib.

“Prezident Baydeni 40 ildən artıqdır tanıyıram, onun İsraillə çoxillik dostluğunu yüksək qiymətləndirirəm. İsraillə ABŞ arasında müttəfiqlik güclüdür, o, həmişə fərdi fikir ayrılıqlarına qalib gəlir”, - Netanyahu bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi hökumət xalqın razılığı ilə hakimiyyətin üç qolu arasında lazımi tarazlığı bərpa etməklə demokratiyanın möhkəmlənməsinə sadiqdir.

“İsrail yaxşı dostlarımızdan gəlsə belə, xarici təzyiq altında deyil, xalqın iradəsinə uyğun qərarlar verən suveren bir dövlətdir”, - Netanyahu qeyd edib.

Dünən Ağ Evdə çıxış edən ABŞ prezidenti məhkəmə islahatları ilə bağlı deyib ki, İsrail bu yolda davam edə bilməz.

“İsrailin bir çox sadiq tərəfdarları kimi mən də çox narahatam. Bu belə davam edə bilməz. Ümid edirəm Netanyahu buna son qoyacaq”, - Co Bayden söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər