Ukrayna müdafiə qüvvələri Rusiya qoşunlarının Donetsk vilayətinin Baxmut şəhərinə 20-dən çox hücumunun qarşısını alıb. Düşmən şəhərə hücumlarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Rusiya qüvvələri artıq beş istiqamətdə irəliləyir:
“Düşmən əsas səylərini Kupyan, Liman, Baxmut, Avdiv və Marin istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəldib. Ukrayna ordusunun bölmələri bu istiqamətlərdə düşmənin 80-dən çox hücumunu dəf edib. Biloqorivka, Baxmut, Avdiv və Marin hərbi əməliyyatların episentrində qalır”.
Rusların Kupyan və Liman istiqamətlərindəki hücum əməliyyatları uğursuzluqla başa çatıb.
Baxmut şəhərinə hücum davam edir. Ukraynalılar son sutka ərzində bu yöndə 22 hücumun qarşısını alıblar. Bundan başqa, rus qoşunları Donetsk vilayətinin Orixovo-Vasilivka rayonunda da uğursuz hücum əməliyyatları keçirib. Avdiv və Marinin bir sıra yaşayış məntəqələrinə hücum da heç bir nəticə verməyib.