31 Mart 2023 20:39
2 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekin Çin dövlət başçısı Si Cinpinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı və ya Pekində görüşünün mümkünlüyünü istisna etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Avropa İttifaqındakı (Aİ) nümayəndəsi Fu Cun məlumat verib.

Onun sözlərinə görə, yüksək çinli rəsmilər ukraynalı həmkarları ilə əlaqə saxlayırlar. Diplomatın fikrincə, Aİ-nin Çinlə münasibətlərini Ukrayna müharibəsi ilə əlaqələndirmələri yanlışdır.

“Çinlə münasibətləri sırf Ukrayna böhranı ilə əlaqələndirməyin rasional yanaşma olduğunu düşünmürəm. Rusiyanın qanuni təhlükəsizlik maraqlarına hörmət etmək lazımdır. Bəzi insanların düşündüyü kimi məsələ ağ-qara deyil”, - Fu Cun deyib.

O, əlavə edib ki, hazırda danışıqlar, hətta Çin və Aİ-nin sülhü təşviq etmək üçün qüvvələrini birləşdirmək üçün yer də var.

Si Cinpinin Moskvaya səfərindən əvvəl “The Wall Street Journal” Çin liderinin Zelenskiyə zəng etməyi planlaşdırdığı barədə məlumat yaymışdı. Bu, işğalın başlanmasından bəri iki ölkə arasında bu səviyyədə ilk təmas olmalı idi. Amma bu baş vermədi – nə Si Kiyevə gəldi, nə də Zelenskiyə zəng etdi.

Zelenski sülh danışıqları ilə bağlı Kiyevin mövqeyini çatdırmaq üçün Çinlə danışıqlar aparmaq istəyir. Hələ avqust ayında Zelenski Si Cinpinlə telefon danışığında israr etsə də, Pekin bundan qaçmışdı. Bu yaxınlarda Zelenski yenidən Si Cinpini Ukraynaya dəvət edib. Çin Xarici İşlər Nazirliyi bu təklifi müsbət qiymətləndirdiklərini bildirib. Bir sıra qərbli ekspertlər Çin liderinə rusiyalı həmkarı Vladimir Putinə təsir edə, savaşı bitirə biləcək yeganə lider kimi baxırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər