3 Aprel 2023 13:50
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə nəhayət Finlandiyanın NATO-ya üzvlüyünə icazə vermiş ola bilər, amma hələlik İsveçlə bağlı heç bir güzəştə getmir. NATO bununla yaşamaq məcburiyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” qəzeti yazır.

Amerika nəşri NATO-nun Türkiyəyə ehtiyacının olduğunu bildirir.

“Anlaşmazlıqlara baxmayaraq, Ankara və Qərb qarşılıqlı maraq doğuran bir evliliyə məcburdur”, - qəzet Türkiyənin hərbi gücünə diqqət çəkib.

Türkiyə Silahlı Qüvvələrinin ittifaqın ikinci ən güclü ordusu olduğunu bildirən “Politico” bu qüvvələrin NATO-nun missiya və əməliyyatlarına fəal töhfə verdiyini vurğulayıb.

Qəzet Türkiyənin geosiyasi mövqeyinə də diqqət çəkib:

“Qara dənizdən kimin keçdiyinə Türkiyə nəzarət edir. Üstəgəl, Türkiyənin Rusiya ilə əlaqələri onu Ukrayna ilə potensial sülh danışıqlarında faydalı tərəfdaşa çevirə bilər”.

NATO-nun Türkiyəyə ehtiyacının olduğunu yazan “Politico” alyansın Ankaranı öz tərəfində saxlamaq üçün kompromislərə getməyə və fikir ayrılıqlarını azaltmağa hazır olduğunu qeyd edib.

NATO-nun keçmiş yüksək rütbəli rəsmisi Ceymi Şi qəzetə bir çox digər müttəfiqlərin Türkiyəni təcrid etmək və bununla pis adamlar olmaq istəməyəcəklərini deyib:

“Bu, Türkiyəyə böyük güc verir”.

Şi Türkiyənin bir sıra müttəfiqləri tərəfindən ona qarşı atılan addımları vecinə almadığını da söyləyib.

Məqalədə Ankaranın balans siyasətinə də diqqət çəkilib və Türkiyənin Rusiya-Ukrayna müharibəsində atdığı balanslı diplomatik addımları vurğulanıb:

“Ölkə Rusiyanın işğalını pisləyib, Ukraynaya yardım edib, amma Moskvaya qarşı sanksiyalar tətbiq etməkdən də imtina edir”.

“Politico” məqaləsində “Carnegie Europe”nın siyasi mütəxəssisi Sinan Ülgən bu sözünə də yer verib:

“Türkiyə NATO-ya təhlükəsizlik yastığı verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər