Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfiri Ceff Fleykin prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşüylə bağlı açıqlamasın dünya mediasında geniş yer verilib.
Teleqraf.com xəbər verir ki, dünyanın bir sıra nüfuzlu nəşrləri Türkiyə liderinin seçkidən əvvəl onu devirməyə çalışan ABŞ-a meydan oxuduğunu bildiriblər.
Rusiyanın TASS xəbər agentliyi “Ərdoğan ABŞ nümayəndəsi ilə Ankarada görüşməkdən imtina etdi”, rəsmi telekanal “Russia Today” isə “Ərdoğan ABŞ səfirinə “yerinizi bilin” dedi” başlıqları ilə izləyicilərinin qarşısına çıxıb.
Yunanıstanın “Kathimerini” qəzeti Türkiyə prezidentinin açıqlamasına manşetində yer verib:
“Ərdoğan: Gəlin bu seçkilərdə ABŞ-a yaxşı dərs verək”.
İngiltərənin “Bloomberg” agentliyi də Ərdoğanın sözlərinə diqqət çəkib:
“Ərdoğanın seçki ritorikası müxalifətin bir sıra nümayəndələri ilə görüşən ABŞ-ı hədəf alır”.
Xəbərdə Ərdoğanın müxalifət liderini ziyarət etdiyi üçün səfiri sərt şəkildə tənqid etdiyi qeyd olunub:
“Ərdoğan mayın 14-də ABŞ-a dərs keçəcəyinə söz verib”.
Prezident Ərdoğan bundan əvvəl ABŞ səfirinin Kılıçdaroğlu ilə görüşünə təpki göstərib.
“Bu seçkilərdə Amerikaya dərs verməliyik. Baydenin buradakı səfiri nə işlə məşğuldur? Gedib Bay Kamalı ziyarət edir. Ayıbdır, bir az başınızı işlədin. Siz səfirsiniz. Burada sizin həmsöhbətiniz prezidentdir”, - Türkiyə lideri bildirib.