3 Aprel 2023 23:28
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir.

Teleqraf.com xəbər verir ki, bunu bazar ertəsi "Vesti"yə Knessetin deputatı, İsrailin keçmiş maliyyə və müdafiə naziri Aviqdor Liberman deyib.

"Azərbaycan bir dövlətdə öz adət-ənənələrinə riayət edə və başqa xalqların adətlərinə hörmət edə bilmənin gözəl nümunəsidir. Prezident İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir," - deyə A.Liberman bildirib.

O, İsraillə Azərbaycan arasında əlaqələrin böyük tarixə malik olduğunu, bu gün başlamadığını vurğulayıb.

"Və heç 32 il əvvəl diplomatik münasibətlərin qurulması ilə də başlamayıb. Demək olar ki, azərbaycanlılarla yəhudilər arasında münasibətlər uzun əsrlər boyu davam edir. Yəhudilərin özlərini buradakı kimi rahat hiss etdikləri keçmiş SSRİ-nin başqa bir respublikasının adını çəkmək çətindir. Yəhudilərə tolerantlıq və hörmət azərbaycanlıların qanında var", - deyə Knessetin deputatı bildirib.

Onun sözlərinə görə, o bir neçə dəfə Azərbaycanda olub və yalnız Bakı şəhərində yox, digər yerlərində də olub.

"Azərbaycanda israillilərə münasibət çox isti, çox yaxşıdır. Burada təhlükəsizliyiniz üçün qorxmadan ivrit dilində rahat danışa bilərsiniz. Küçələrdə insanlar haralı olduğunuzu soruşduqda və "İsraildən" eşitdikdə - səmimi gülümsəyir", -deyə o bildirib.

A.Liberman qeyd edib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər həmişə intensiv şəkildə, xüsusən mədəniyyət, turizm və iqtisadiyyat sahəsində inkişaf edib, lakin məhz geosiyasi nüanslara görə formal rəsmiləşdirmə ehtiyatla aparılıb.

A.Liberman İsraillə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi fonunda İranın destruktiv addımlarını da şərh edib.

"Azərbaycanın nailiyyətləri açıq şəkildə İranı narahat edir. İranda bu ölkəyə sadəcə paxıllıq edirlər! Azərbaycanlılara qarşı informasiya müharibəsi aparırlar, silahla hədələmə səsləri gəlir. Martın 29-da millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd olub, o, güllə yarası alıb. Yeri gəlmişkən, bu deputat İsrailə isti münasibəti ilə tanınır", - deyə o bildirib.

Aviqdor Libermanın fikrincə, İsraillə Azərbaycan arasında münasibətlər daha da güclənəcək.

"İndi bu ölkədə 114 İsrail firması fəaliyyət göstərir və yerli sakinlər üçün yüzlərlə iş yeri təmin edir. Bakı nefti İsrailə verilən yanacağın 30%-ni təşkil edir. İsrail prezidenti İshaq Hersoqun may ayında Bakıya səfəri gözlənilir, texnologiyaların tədarükü ilə bağlı danışıqlar aparılır", - deyə o bildirib.

A.Liberman turizm sahəsində əməkdaşlıqda əldə olunan nailiyyətlərdən də danışıb.

"Əgər əvvəllər həftədə bir uçuş həyata keçirilirdisə, indi Ben-Quriondan təyyarələr hər gün ora uçur. Azərbaycanda dəfələrlə olmuş bir insan kimi şahidlik edə bilərəm ki, orada gözəl yerlər çoxdur", - deyə Knessetin deputatı bildirib.

O vurğulayıb ki, İsraildə Azərbaycandan olan böyük icma var, onların bir çoxu mükəmməl inteqrasiya edib və böyük uğurlar qazanıb.

"Azərbaycan azad, açıq həyat yaşayan müsəlman ölkəsi nümunəsidir", - deyə A.Liberman əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər